Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə forumda ölkəmizi Nağı Məmmədli təmsil edib.
Forumda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv ölkələrdən olan gənc liderlər, ekspertlər və gənclər təşkilatlarının nümayəndələri bir araya gələrək strateji proqnozlaşdırma, gələcəyin bacarıqları, innovasiya, liderlik, rəqəmsal transformasiya və dayanıqlı inkişaf mövzularında fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində 2040-cı ilədək mümkün gələcək ssenariləri, ömürboyu təhsil, gələcəyin əmək bazarı, məşğulluq imkanları və süni intellektin gənclərin həyatına təsiri müzakirə olunub. İştirakçılar interaktiv işçi sessiyalarında qruplar şəklində fəaliyyət göstərərək gələcək çağırışlara dair müxtəlif ssenarilər, ideyalar və tövsiyələr hazırlayıblar.
Forum gənclərin strateji düşünmə və gələcəyi proqnozlaşdırma bacarıqlarının inkişafı, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və müxtəlif ölkələrdən olan gənc liderlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli platforma olub.
Azərbaycan gəncinin beynəlxalq forumda iştirakı ölkəmizin gənclərinin qlobal müzakirələrdə təmsil olunmasına, onların bilik və təcrübələrinin artırılmasına, eləcə də gələcəyin çağırışlarına dair təşəbbüslərə töhfə verməsinə imkan yaradıb.