Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən proqram çərçivəsində 12 nəfərdən ibarət Mərakeş nümayəndə heyəti Azərbaycanın tarixi və mədəni irsi, gənclər siyasəti, könüllülük fəaliyyəti və idman infrastrukturu ilə tanış olub.
Proqram çərçivəsində nümayəndə heyəti Bakıda Fəxri xiyabanı, İçərişəhəri, Heydər Əliyev Mərkəzini, Zəfər tağını və Zəfər Muzeyi, Hərbi Qənimətlər Parkını və Azərbaycan Xalça Muzeyini ziyarət edib.
Səfər zamanı Bakı Gənclər Mərkəzi, Binəqədi Gənclər Evi və Sabunçu Gənclər Evinin fəaliyyəti ilə tanışlıq təşkil olunub. Həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində infotur keçirilib. Görüşlər zamanı gənclər üçün yaradılan imkanlar, həyata keçirilən layihələr, dərnəklərin fəaliyyəti, eləcə də inklüziv inkişaf və yaradıcılıq istiqamətində görülən işlər barədə məlumat verilib.
Proqram çərçivəsində Mərakeş nümayəndə heyəti Bakıda keçirilən Sumo üzrə Dünya Çempionatını və U-15 futbol üzrə dünya çempionatının açılış mərasimini tamaşaçı qismində izləyib.
Səfərin davamında nümayəndə heyəti Şəki şəhərinə yollanıb, burada gənclər düşərgəsində təşkil olunan fəaliyyətlərdə iştirak edib. Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə keçirilən görüşdə ölkəmizdə könüllülük hərəkatı, könüllülərin fəaliyyəti və bu sahədə həyata keçirilən təşəbbüslər haqqında təqdimat nümayiş olunub. Həmçinin Şəkinin tarixi və mədəni irsi ilə tanışlıq baş tutub.
21–22 oktyabr tarixlərində nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov Mərakeş nümayəndə heyətini qəbul edib. Görüşdə gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Naxçıvan səfəri zamanı nümayəndə heyəti Atabəylər memarlıq kompleksi, Əshabi-Kəhf ziyarətgahı, Xan sarayı və digər tarixi məkanları ziyarət edib.
Oktyabrın 23-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Mərakeş nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan və Mərakeş arasında gənclər və idman sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, iki ölkənin gəncləri arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, mübadilə proqramı iki ölkənin gənclərinin qarşılıqlı təcrübə mübadiləsi aparmasına, mədəniyyətləri və gənclər üçün yaradılan imkanlarla yaxından tanış olmasına xidmət edir.